23.06.2025
İyunun 23-də Lənkəran Dövlət Dram Teatrında Prezident mükafatçısı Qızılgül Quliyevanın yubileyi münasibəti ilə benefis gecəsi təşkil olunub.
Gecə çərçivəsində Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
Tamaşadan əvvəl teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova çıxış edərək, Qızılgül Quliyevanın zəngin yaradıcılıq yoluna nəzər salıb, onun yaratdığı səhnə obrazlarından danışıb.
Sonra Qızılgül Quliyevaya teatrın fəxri fərmanı və diplomu təqdim olunub.
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, Azərbaycan Respublikasının Əməkdar artisti Azad Şükürov da Qızılgül Quliyevanı təbrik edərək, Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalını təqdim edib.
Daha sonra Lənkəran - Astarа Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov sənətkarı təbrik edərək, yubliyara təşəkkürnamə təqdim edib.
Gecədə teatrın aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Sahib Novruzov çıxış edərək yubilyarın səhnə yaradıcılığından söhbət açıblar.
Yekunda teatrın direktoru Laləzar Hüseynova və teatrın aparıcı səhnə ustası Şarud Mehdiyeva da Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Teatr fədaisi" medalı ilə təltif olunublar.