24.06.2025
İyunun 24-də Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lerik Rayon Heydər Əliyev Mərkəzində "26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" münasibətilə "Gələcəyini qoru – narkomaniyaya yox de !" mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin, Lerik rayonu üzrə gənclər və idman sektorunun, Lerik Rayon Heydər Əliyev Mərkəzinin, YAP Lerik rayon təşkilatının əməkdaşları, Lerik rayon Ağsaqqallar şurasının sədri, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri ictimai birliyinin Lerik rayon filialının sədri, yeniyetmə və gənclər iştirak ediblər.
Görüşdə çıxış edənlər narkomaniyanın fəsadları, onun ailələr və cəmiyyət üçün doğurduğu təhlükələr, həmçinin bu problemin qarşısının alınmasında maarifləndirmənin rolu haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, narkomaniya təkcə fərdi deyil, bütünlükdə cəmiyyəti sarsıdan ciddi sosial bəladır və bu bəla ilə mübarizədə gənclərin maarifləndirilməsi əsas prioritetlərdən biridir.
Çıxışlarda ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən dövlət siyasətindən, müvafiq qanunvericilik tədbirlərindən, eyni zamanda, vətəndaş cəmiyyətinin və ictimai birliklərin bu sahədəki fəaliyyətindən bəhs edilərək, ailələrin və təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətə toxunulub.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.