Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib

10.07.2025

İyulun 10-da Lerik Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov, idarə, təşkilat və müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov tədbiri giriş sözü ilə açaraq bu kimi mühüm nəşrlərin ictimaiyyətə təqdim olunması və gənc nəslə çatdırılması işində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli ideologiyanın və tarixi yaddaşın qorunması siyasətinin davam etdirilməsi əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Daha sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı müxtəlif dövrlərdə həyata keçirilmiş deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Nəticədə, Ermənistan monoetnik dövlətə çevrilib. Bundan əlavə, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayıb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törədib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Böyük Qələbəmiz keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını təmin etməklə yanaşı, vaxtilə Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın da əzəli torpaqlarına qayıdışının təməlini qoyub.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru Vasif Qafarov çıxış edərək bildirib ki, Qərbi Azərbaycan ərazisi tarix boyu hər zaman Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olub və bu ərazidə həmişə azərbaycanlılar yaşayıblar.

Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın əzəli torpaqlarına qayıdışının milli qürur və ləyaqətimizin müdafiəsi olduğunu, Prezident cənab İlham Əliyevin əzmi və qətiyyəti ilə onların təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıdacaqlarına əmin olduğunu bildirən Vasif Qafarov qeyd edib ki, cənab Prezidentin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib. Seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr öz əksini tapacaqdır.

Tədbirdə Əbülfət Musayev adına Vizəzəmin kənd tam orta ümumtəhsil məktəbinin direktoru Əhməd Ağayev, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və digərləri çıxış edərək ermənilər tərəfindən zaman-zaman həyata keçirilmiş soyqırımlar, soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası, azərbaycanlıların məscidləri, qəbiristanlıqları və digər mədəni irs obyektlərinin məqsədli şəkildə dağıdılmasından söz açıblar, nəşrin mövzusunun əhəmiyyəti, məqsədi və aktuallığı barədə fikirlərini bölüşüblər.

Sonda Lerik Rayon Heydər Əliyev Mərkəzinə “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin nüsxəsi təqdim olunub.