11.07.2025
İyulun 11-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional Nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı və Masallı rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Tovuz döyüşlərinin 5-ci il dönümü ilə əlaqədar olaraq “Qəhrəmanlar döyüşdə” başlığı altında tədbir keçirilib.
Təşkilatçı müəssisə əməkdaşları, şəhid ailələri və gənclərin iştirakı ilə keçirilən tədbirdə İlk öncə vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış nitqi ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva beş il əvvəl Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərinin başlaması və bu döyüşlərin qəhrəmanlarından danışıb.
Sonra muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova Ermənistanın işğalçı siyasətini, yalanlarını üzə çıxmasına səbəb olun Tovuz döyüşləri və bu döyüşlərin nəticəsi olaraq qazandığımız tarixi qələbə haqqında geniş məruzə edib.
Daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə Murovdağdan Şuşaya kimi şanlı döyüş yolu keçən, ehtiyatda olan qazi-komandir Nazim Cəfərzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional Nümayəndəliyinin Masallı bölməsinin nümayəndəsi Orxan Əliyev çıxışlarında Tovuz döyüşlərindən sonra xalqın ordu, dövlət və şəhidlərinə daha sıx birləşərək müharibənin labüdlüyü haqqında yaranan ictimai rəyin sayəsində 44 günə qələbə qazanmağımızı xüsusi qeyd ediblər.
Şəhid Anar Novruzovun həyat yoldaşı Nazilə Novruzova şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından danışaraq onlara mənəvi dəstək olan hər bir kəsə öz xüsusi təşəkkürünü bildirib.