16.10.2025
Oktyabrın 16-da Masallı Dövlət Regional Kollecində “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində “Füzuli Şəhəri Günü” münasibətilə “Azad elim, abad yurdum” adlı tədbir keçirilib.
Masallı Dövlət Regional Kolleci, Masallı Rayon İcra Hakimiyyəti, Masallı Rayon Tarix-diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Dilarə Hüseynova tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan Füzuli Şəhəri Günü münasibətilə hamını təbrik edib. D.Hüseynova bildirib ki, 17 Oktyabr – Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyərək Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin mühüm hadisə olduğunu vurğuladı. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzuladı.
Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşı Nuranə Muradova Vətən müharibəsindəki qələbəmizdən, Füzulinin azadlığından, əldə edilən uğurlar, görülən hazırlıqların addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırmasından geniş bəhs edərək bildirib ki, bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu bir daha təsdiqləyir. Bu gün biz fəxrlə işaldan azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq işlərindən bəhs edirik. Dörd il öncə işğaldan azad olunan ərazilərdə rekord müddətdə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Bu hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Eyni zamanda, Füzuli Azərbaycan ilə Özbəkistan, Qazaxıstan və Türkmənistanın qardaşlığının, həmrəyliyinin göstəricisi olan layihələrin reallaşdırılması məkanına çevrilib. Füzulidə 100 hektar ərazidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi, 960 yerlik məktəb binasının tikilməsi, Qazaxıstan tərəfindən tikiləcək Yaradıcılıq Mərkəzi, Türkmənistan tərəfindən təməli qoyulan məscid türk dövlətləri birliyinin əməli sübutudur.
Daha sonra Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Tədbirin davamında 44 günlük Vətən Müharibəsi iştirakçıları Şadman Quliyev, Talıb Qəzənfərli, Sadiq İsazədə Füzulinin azad edilməsində birbaşa iştirak etdiklərini, rayonun işğal tarixlərinin yox, azadlıq tarixlərinin ildönümlərinin qeyd edilməsində qəhrəmanlıqlarının olmasından qürurlandığlarını ifadə ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda işğal altında olan rayonlarımız düşmən tapdağından azad edildiyini diqqətə çatdırıblar.
Masallı Dövlət Regional Kollecində təşkil olunmuş Füzuli Şəhəri Günü münasibətilə “Azad elim, abad yurdum” adlı tədbir orda iştirak edən 44 günlük Vətən Müharibəsinin iştirakçılarının Fəxri Fərmanla təltif edilməsi ilə yekunlaşıb.