Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məndən xəbərsiz

17.10.2025

Cəlilabad rayon Mərkəzi Kitabxanasında "Həməşəra" Mətbu Orqanı və Cəlilabad  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə  Cəlilabad ədəbi mühitinin nümayəndələrindən olan "Həməşəra" Fəxri Diplomu laureatı yazıçı-şairə Pərvanə İsgəndərqızının "Məndən xəbərsiz" adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimatı keçirilib. 

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbir fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, həmçinin, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi İlqar İsmayılzadənin aparıcılığı və çıxışı ilə başlayıb və İlqar İsmayılzadə giriş çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əziz şəhidlərimiz və qazilərimizin II Qarabağ Savaşında bütün dünyaya göstərdikləri rəşadətdən və onların canı və qanı bahasına torpaqlarımızın erməni işğalından azad olmasından söz açaraq onların adı və hörmətinin daim qəlblərimizdə yaşayacağını qeyd edib. 

Daha sonra Pərvanə İsgəndərqızının "Məndən xəbərsiz" adlı yenicə nəfis şəkildə nəşr edilmiş şeirlər toplusu barədə qısa məlumat təqdim edərək müəllifi nəşr edilmiş ilk şeir kitabı münasibətilə üzrəkdən təbrik edib və ona yeni, həm də davamlı uğurlar arzulayıb. 

Bununla yanaşı həm də hər zaman Cəlilabad ziyalıları və ədəbi mühitinin nümayəndələri üçün sevimli ocaq olan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ziyalı və işgüzar direktoru Qənimət xanım İsrafilovaya bu qəbil ədəbi tədbirlərin keçirilməsinə daim səmimi dəstək olduğuna görə minnətdarlığını bildirib. 

Sonra Təqdimatda iştirak etmiş Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, Əmək zərbəçisi, Əmək veteranı və təqaüdçü müəllim Hacı Paşa Rüstəmov, tanınmış ziyalı pedaqoq Dadaş müəllim Bayramov, rayonun elit-ziyalı xanımları və pedaqoqlarından olan Xatirə Quliyeva, ziyalı pedaqoq, tarixçi, bədii qiraətçi və ictimai fəal Adıgözəl müəllim Nuriyev, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, ədəbiyyatçı, bədii qiraətçi və şair Mikayıl İnçəçaylı, MKS-nin direktoru Qənimət İsrafilova və MKS-nin əməkdaşları, gənc pedaqoq Günel Mirzəyev, şairə Gülşən Şahmuradlı, kitabxanaşünas və bədii qiraətçi, şairə Müşahidə Nərimanova, şairə Sevinc Şirvanlı və "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB və AJB-nin üzvü, publisist-şairə Arzu Əyyarqızı ayrı-ayrılıqda çıxış edərək Pərvanə İsgəndərqızını yenicə nəşr edilmiş ilk kitabı münasibətilə ürəkdən təbrik edib, onun şeirlərindən qiraət edərək Pərvanə İsgəndərqızı poeziyasının xüsusiyyətləri və imtiyazları barədə öz fikirlərini səsləndiriblər. 

Yekunda tədbirin baş qəhrəmanı Pərvanə İsgərdərqızı öz çıxışında tədbirin təşkilatçıları və iştirakçılarına, böyük bacısı və mənəvi ana adlandırdığı Müşahidə Nərimanovaya, həmçinin kitabın ərsəyə gəlməsində əməyi olmuş Arzu Əyyarqızı və İlqar İsmayılzadəyə səmimi minnətdarlığını bildirib.