05.11.2025
Lənkəran Mərkəzi Kitabxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Lənkəran şəhər ictimaiyyətinin nümayəndələri, müəllimlər, məktəblilər və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Zala üçrəngli Azərbaycan bayrağı rəmzi şəkildə gətirilib, iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb.
Tədbirin aparıcısı tədbirin əhəmiyyətindən, Zəfər Gününün tariximizdəki önəmindən danışaraq, xalqımızın 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.
Sonra Lənkəran Mərkəzi Kitabxanasının İnformasiya-Resurs şöbəsinin müdiri Alimə Əsədli çıxış edərək, Zəfər Gününün mənəvi dəyərindən, xalqımızın birlik və mübarizlik ruhundan söz açıb. O, qeyd edib ki, bu qələbə Azərbaycan xalqının, dövlətimizin və ordumuzun sarsılmaz iradəsinin təntənəsidir.
Daha sonra Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran şöbəsinin sədri, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev çıxış edərək, müharibə dövründə xalqın göstərdiyi vətənpərvərlikdən danışıb, şəhidlərimizin qəhrəmanlığını və qazilərimizin fədakarlığını xüsusi vurğulayıb.
TədbirdəLənkəran Aqrar Texnoloji Kollecinin və eyni zamanda Xanbulan kənd tam orta məktəbinin musiqi müəlliməsi, şairə-bəstəkar Yaqut Salamqızı çıxış edib. O, Vətənə olan sevgisini, Zəfər Gününün xalqımız üçün mənəvi birliyin simvoluna çevrildiyini dilə gətirib. Həmçinin Sütəmurdov kənd kitabxanasının müdiri Nuranə Cəfərova da çıxış edərək, bu günün şəhidlərimizin qanı bahasına qazanıldığını, xalqımızın bu zəfəri daim qürurla xatırlayacağını bildirib.
Musiqili hissədə “Biz birlikdə güclüyük” adlı mahnı səsləndirilib. Mahnının söz və musiqisi şairə-bəstəkar Yaqut Salamqızıya məxsusdur, əsər vokal ifaçısı Mehparə Rza tərəfindən böyük ustalıqla ifa olunub.
Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Anar Şahmarov isə tədbirdə “Xudayar təsnifi”ni səsləndirərək zalda duyğulu anlar yaşadıb.
Tədbirdə həmçinin 2 saylı Liman tam orta məktəbinin şagirdləri — Bağırova Qönçə və Kazımlı Zəhra Zəfər Gününə həsr olunmuş mənalı bədii kompozisiyalarla çıxış ediblər. Onların çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda “Zəfər” mövzusunda musiqi sədaları altında tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.