26.11.2025
Noyabrın 25-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında şəhid Mirlətif Ağayev adına Təbib tibb kursunun tələbələrinin iştirakı ilə Kəlbəcər Şəhəri Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxışlarda qeyd olunub ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin təbiəti, tarixi abidələri, qədim mədəniyyəti, mineral suları, dağlıq landşaftı və arxeoloji tapıntıları ilə seçilir. Kəlbəcər təkcə təbiət incisi deyil, həm də xalqımızın mənəvi yaddaşını, mədəni irsini yaşadan nadir məkanlardandır. Uzun illər işğal altında qalan Kəlbəcərin 25 noyabr 2020-ci ildə azad edilməsi xalqımızın yenilməz iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-diplomatik siyasətinin parlaq nəticəsi idi. Bu gün azad Kəlbəcər yeni həyatını yaşayır, dirçəliş yolunda inamla irəliləyir.
Yekunda tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.