25.02.2026
Fevralın 24-də Cəlilabad Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib. Tədbirdə Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı, İdarənin baş məsləhətçisi – Cəlilabad rayonu üzrə nümayəndə Fuad Əzizov, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, eləcə də Cəlilabad Rayon Tibb Kollecinin tələbələri iştirak ediblər. Sərgidə Xocalı faciəsinin ağrı-acısını, xalqımızın üzləşdiyi ağır tarixi sınaqları və vətənpərvərlik ruhunu əks etdirən rəsm əsərləri nümayiş olunub. Müxtəlif janr və üslubda təqdim edilən işlərdə faciə qurbanlarının xatirəsi, doğma torpaqlara bağlılıq və milli həmrəylik ideyaları ön plana çəkilib. İştirakçılar əsərlərlə yaxından tanış olub, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sərgi haqqında fikirlərini bölüşən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı bildirib ki, Xocalı soyqırımı xalqımızın yaddaşında silinməz iz buraxmış faciədir. O qeyd edib ki, belə sərgilərin təşkili gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Rəis müavini vurğulayıb ki, incəsənət tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında təsirli vasitələrdən biridir və bu kimi təşəbbüslər davamlı xarakter almalıdır.