26.02.2026
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələrində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub. Tədbirlər çərçivəsində ədəbi-bədii kompozisiyalar təqdim edilib, kitab və rəsm sərgiləri, ekskursiyalar təşkil olunub, dəyirmi masalar keçirilib, Xocalı faciəsini əks etdirən videoçarxlar nümayiş etdirilib. Çıxışlarda Xocalı soyqırımının Azərbaycan tarixinin ən ağır və faciəli səhifələrindən biri olduğu vurğulanıb, bu hadisənin insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirildiyi bildirilib. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin Xocalı faciəsinə verdiyi siyasi qiymət, cənab Prezident İlham Əliyevin həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardığı məqsədyönlü siyasət və Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti diqqətə çatdırılıb. Çıxışlarda bildirilib ki, Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı tarixi Zəfərlə şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Qeyd olunub ki, bu Zəfər xalqımızın milli birliyinin, güclü dövlət siyasətinin və ordumuzun qüdrətinin bariz nümunəsidir. Keçirilən tədbirlərin əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsinin ehtiramla anılması, tarixi həqiqətlərin geniş ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması, gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda formalaşdırılmasına töhfə verilməsi, eləcə də milli yaddaşın qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin təmin edilməsi olub.