13.03.2026
Martın 12-də Astara rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Novruz milli birlik bayramıdır” mövzusunda sərgi və tədbir təşkil olunub. Tədbirdə Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Kübra Səmədova bildirib ki, Novruz Azərbaycan xalqının qədim bayramlarından biridir. Bu bayram xalqımızın zəngin mədəni irsini və milli-mənəvi dəyərlərini özündə əks etdirərək nəsildən-nəslə ötürülən el ənənəsidir. Qeyd olunub ki, Novruz baharın gəlişini, təbiətin oyanışını, birlik və həmrəyliyi simvolizə edir. Daha sonra mövzu ilə bağlı çıxışlar dinlənilib, Novruz adət-ənənələrini əks etdirən videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində şagirdlərin təqdim etdiyi musiqi nömrələri və rəqslər proqramı daha da rəngarəng edib, iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib. Sonda iştirakçılar Mərkəzin rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.