03.07.2026
İyulun 2-də Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı Dövlət Regional Kolleci və Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyasının elmi birliyi: 100 il əvvəl və bu gün” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin əhəmiyyətindən danışıb. O bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqları arasında elmi, dil və mədəni əlaqələrin inkişafında mühüm rol oynayıb. Daha sonra çıxış edən digər iştirakçılar Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkəmizdə qeyd olunmasının əhəmiyyətindən, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında həyata keçirilən tədbirlərdən, eləcə də 29 iyun–3 iyul tarixlərində təşkil olunan Türk Dünyası Həftəsinin türk xalqları arasında elmi, mədəni və mənəvi əməkdaşlığın möhkəmləndirilməsindəki rolundan bəhs ediblər. Sonda iştirakçılar Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qodman kənd kitabxana filialı tərəfindən təşkil olunmuş türkçülük, Azərbaycan dili və lüğətşünaslıq mövzularını əhatə edən kitab sərgisi ilə tanış olublar.