Astara rayonu Azərbaycan Respublikasının cənubunda İran İslam Respublikası ilə sərhəddə yerləşir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir.
Tarixi faktlar təsdiq edir ki, Astara Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astaranın adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xəritələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.
Astara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi İpək yolu onun ərazisindən keçmiş, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dunyası ilə geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.
Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib dolaşmış Alman səyyahı Hans Şilberger (1394-1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat vermişdir. Səyyah qeyd etmişdir ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venetsiya kimi sənətkarlar mərkəzinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur.
Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticari mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları XIV əsrin əvvəllərində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A.M. Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək öz əsərlərində geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində "Zərbe Astara" (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə bizim Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hal-hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.
Astara 1747-ci ildə Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.
Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1651) Astarada olmuş, Astaralılar barədə müəyyən maraqlı məlumatlar vermişdir. Tanınmış macar şərqşünası və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi "Türk elləri" adlı kitabda böyük bir fəsil Azərbaycana həsr olunmuş, Astarada gəzib dolaşdığını bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir.
Tanınmış fransız alimi, arxeoloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: "Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsüsiyyətlərini saxlayır.İndi isə sadəcə gömrükxanadır. Hazırda Astara Azərbaycandan Ərdəbilə-İrana karvanların və dənizdən yollanan gəmilərin çıxış məskənidir". Məşhur fransiz səyyahı, yazıçısı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir.
Astara nəyi ilə məşhurdur?
Astara aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayına yuxarıda qeyd etdiyimiz ən yüksək qiymət verilmiş və Qızıl medal almışdır. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında maraqla alınır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilmiş, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən "əl çörəyi", "ləvəngi" və onun müxtəlif növləri, düyüdən bişirilən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər hər yerdə tanınır. Xüsusi ilə "Balıq sırdağı", onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.