Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi
|

Lənkəran

Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi 38o24-39o24 şimal və 47o58 şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. İnzibati baxımdan Lənkəran Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Hündür dağətəyi sahədə 200 metr hündürdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
Lənkəran özünün təbii ehtiyatları ilə zəngindir. Ərazisi çay daşı, qum, gil, çınqıl, Xəzərin sahillərində balıqqulağı çöküntüləri ilə örtülmüş, Talış dağlarında isə vulkan mənşəli suxurlar yayılmışdır. Rayonda müalicəvi əhəmiyyətli termal və mineral su mənbələri mövcuddur ki, həmin sulardan müalicə məqsədi ilə istifadə olunur.
Lənkəran rütubətli subtropik iqlim qurşağında yerləşir. Bu iqlimin ərazidəki torpaq tiplərinin yaranmasında mühüm rolu olmuşdur. Rayonun ərazisində aşağıdakı torpaq tipləri vardır: qırmızı torpaq, sarı torpaq, podzollaşmış sarı torpaq, bataqlıq torpaqlari. Torpağın qırmızı və sarı olması onların tərkibində dəmir birləşmələrinin olması ilə əlaqədardır. Qırmızı torpaqlar ağır gillicəli və gilli mexaniki tərkibə malik olmaqla fizioloji turş xassəlidir. Bu torpaqlarda əsasən sitrus və tərəvəz bitkiləri becərilir.
Lənkəran rayonu ərazisində 22067 hektar təbii meşə sahəsi və 850 hektar meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Meşələr I qrup meşələr olmaqla dağlıq və dağətəyi ərazilərdə yerləşir. Zəngin bitki örtüyünə malikdir. Meşə örtüyünün əsasını Qırmızı kitaba daxil edilmiş ağac və kol cinsləri təşkil edir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət müzeyidir