26.05.2025
Mayın 26-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində "Hüquqlarımızı tanıyaq və qoruyaq" adlı maarifləndirici tədbir keçirilib.
Tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran Şəhər Təhsil Sektorunun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Cənub Regional Mərkəzinin və Lənkəran Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova açaraq, insan hüquqlarının əhəmiyyəti, bu hüquqların qorunması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar, Ümummilli Lider Heydər Əliyevin bu sahəyə verdiyi önəm haqqında ətraflı məlumat verib.
Tədbirdə Lənkəran Şəhər Təhsil Sektorunun əməkdaşı Cəmil Axundzadə, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Lənkəran Regional Dövlət Miqrasiya İdarəsinin miqrasiya inspektoru Kəmaləddin Məmmədov çıxış edərək insan hüquqları, uşaq hüquqları, miqrasiya sahəsindəki qanunvericilik və maarifləndirmə tədbirləri barədə geniş məlumat veriblər.
Tədbirin sonunda şagirdlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.