07.05.2026
Astara rayon Mərkəzi Kitabxanasında rayonun tanınmış qələm sahibi, istedadlı yazar Firəngiz Ümidin yeni işıq üzü görmüş “Ümid çiçəyi” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə yazarın sənət dostları, rayon ziyalıları, kitabxana əməkdaşları və poeziyasevərlər iştirak ediblər. Çıxış edənlər Firəngiz Ümidin yaradıcılığından bəhs edərək, onun bədii üslubunun özünəməxsusluğunu, qələminin səmimiliyini və əsərlərindəki yüksək mənəvi duyğuları xüsusi vurğulayıblar. Bildirilib ki, “Ümid çiçəyi” kitabında yer alan əsərlər oxucuların mənəvi dünyasına müsbət təsir göstərməklə yanaşı, gənc nəslin estetik zövqünün formalaşmasına da töhfə verəcək. Qeyd olunub ki, müəllifin yaradıcılığında həyat sevgisi, insanpərvərlik və vətənə bağlılıq əsas mövzulardan biridir. Sonda F.Ümid çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib, kitabın ərsəyə gəlməsi prosesi haqqında qısa məlumat verib. Daha sonra müəlliflə oxucular arasında fikir mübadiləsi aparılıb, kitabdan nümunələr səsləndirilib və xatirə şəkilləri çəkdirilib.