Bu rayon və onun inzibati mərkəzi - Cəlilabad şəhəri 1967-ci ildən görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin adını daşıyır. Əvvəllər bu şəhər Hacılı, daha sonra isə Astarxanbazar adlanırdı. Rayon qərb tərəfdən İranla həmsərhəddir. Cəlilabadın relyefinin səciyyəvi cəhəti burada təpəliklərin və ovalıqların bol olmasıdır. Qışda orta temperatur +3 C, yayda +27 C olur. Rayonun ərazisində Bolqarçay, Mişarçay, İncəçay və Göytəpəçay çayları axır. Rayon ərazisinin 14,7 min hektarı meşələrdən ibarətdir. Meşələrdə müxtəlif heyvanlara və ov quşlarına, o cümlədən, dovşan, porsuq, tülkü, canavar, qaban, çöl ördəyi, qaz, qızılquş, turac və başqa növlərə rast gəlmək olar. Cəlilabad rayonu ölkənin ən iri üzümçülük mərkəzlərindən biridir. Cəlilabad şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloci qazıntılar zamanı qranitdən hazırlanmış kirkirə (əl dəyirmanı), gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılmışdır. Alimlər belə hesab edirlər ki, vaxtilə burada Amaşara adlı şəhər olmuşdur. Bu şəhərin sakinləri cadugərlər imiş. Onlar üzümdən, nardan və efedra bitkisindən xaoma adlı bir içki düzəldirdilər. Guya həmin içki insanı hər cür xəstəlikdən xilas edirmiş. Şəhərin cənub hissəsində, yerli yarmarkanın yaxınlığında kiçik bir muzey, şəhərin qərb hissəsindəki mənzərəli parkın dövrəsində bir neçə inzibati bina yerləşir. Harada qalmaq olar Şəhərdə mehmanxana və motel fəaliyyəti göstərir. Harada nahar etmək olar Dadlı yeməklərlə əhali arasında tanınan «Yurd» restoranı, müxtəlif kafe və kababxanalar qonaqların yolunu gözləyir.