Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşəlrələ örtülmüşdür. Lənkəranın iqlimi rütubətli-subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur. Yayda hava quru və çox isti, payızda isə yağışlı keçir. Havanın orta illik temperaturu +14 C. Ən soyuq ay yanvar (+3,4 C), ən isti ay isə iyul ayıdır (+2,5 C). Yağıntıların illik miqdarı 1400 - 1600 mm olur. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır. Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir. Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır. Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar. Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir. Rayonun inzibati mərkəzi - yaşallağı qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası «lövbər yeri», yəni «liman» demək idi. XVIII əsrdə Talış xanlığı yaradıldı. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyaya birləşdirildi. Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır. Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı -məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir. Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri - xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar. Harada qalmaq olar «Xəzər» mehmanxanası Tel. 5 35 21, Qonaq Evi Tel. 5 24 83, «Xanbulan» istirahət mərkəzinin Tel. (50) 361 47 08 şəraiti qonaqları qəbul etməyə imkan verir. Harada nahar etmək olar Rayonda milli mətbəxin ləzzətini və zənginliyini əks etdirən «Sahil» Tel. 5 25 92, «Dalğa», «Yaşıl ada» Tel. 4 45 34, «Meşəçi» Tel. 5 00 63 restoranları fəaliyyət göstərir.